Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də qədim Gəncə şəhərinə gəlmişdir. Yeni tikilmiş Gəncə beynəlxalq hava limanında dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşıladılar.
Sonra Prezident İlham Əliyev Gəncə beynəlxalq hava limanının təntənəli açılış mərasimində iştirak etdi.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Gəncənin beynəlxalq hava limanının müasir standartlar səviyyəsində yenidən qurulması layihəsinin dəyəri 39,5 milyon dollardır. Yenidənqurma işlərində 1500 nəfər çalışmışdır. Sovet dövründə qurulmuş bütün avadanlıq tamamilə yeniləşdirilmişdir. Uzunluğu 3300 metr olan yeni uçuş-enmə zolağı ağır tipli təyyarələri qəbul etməyə imkan verəcəkdir. Burada sərnişinlərin rahatlığı üçün də hər cür şərait yaradılmışdır. "A-319" aerobusları və "AN-140" təyyarələri ilə Moskvaya, Sankt-Peterburqa, Kiyevə, Bakıya, Naxçıvana, Təbrizə, Qarsa, Rostova, Volqoqrada və Mineralnıye-Vodı şəhərlərinə uçuşların təşkili nəzərdə tutulmuşdur. Zəruri hallarda "İl-76" və "AN-12" təyyarələri ilə yükdaşımalar da həyata keçiriləcəkdir. Azərbaycanda fəaliyyət göstərən xarici aviaşirkətlərə Gəncə hava limanından müxtəlif reyslər təklif olunacaqdır. Buradan həm də Avropa və Asiyaya uçuşları həyata keçirən Azərbaycanın və xarici dövlətlərin aviaşirkətlərinin təyyarələri üçün tranzit ehtiyat hava limanı kimi də istifadə ediləcəkdir. Hava limanında 200 yeni iş yeri yaradılmışdır.



